11.09.2017

Göygöl rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Sentyabrın 11-də Gənclər Mərkəzində Göygöl rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Təhsil Nazirliyinin və Rayon İcra Hakimiyyətinin nümayəndələri, 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəhbərliyi və təhsil işçiləri iştirak ediblər.

Rayonun təhsil işçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Təhsil şöbəsinin müdiri Elbrus Atayevin hesabat məruzəsində 2016-2017-ci dərs ilinin yekunları geniş təhlil olunub, yeni dərs ilində qarşıda duran vəzifələrdən bəhs edilib.

Bildirilib ki, təhsil orqanlarında icra intizamının möhkəmləndirilməsi və peşə məsuliyyətinin artırılması, təhsil müəssisələrinin idarə olunmasının təkmilləşdirilməsi, təlim-tərbiyə prosesinin müasir pedaqoji innovasiyalar əsasında qurulması 2017-2018-ci dərs ilində də qarşıda duran ən mühüm vəzifələrdən hesab olunacaqdır.

Diqqətə çatdırılıb ki, rayon üzrə 2016-2017-ci tədris ilində 38 tam orta, 1 lisey, 10 ümumi orta, 1 ibtidai məktəb, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. Rayonun ümumtəhsil məktəblərində 9835 (554 hazırlıq) nəfər məktəbyaşlı uşaq təhsillə əhatə olunub ki, onların təlim-tərbiyəsi ilə 1640 nəfər ixtisaslı pedaqoq məşğul olub. Onlardan 1362 nəfəri ixtisaslı müəlliml, 21 nəfəri əvəzçi müəllim, 257 nəfəri isə məktəb rəhbəri, psixoloqlar, hərbi rəhbərlər və uşaq birliyi rəhbərləridir. 2016-2017-ci tədris ilində Göygöl rayon ümumtəhsil məktəblərinin məzunlarından 192 nəfəri məzun adını qazanıb. Məzunlardan 50 nəfəri 500-dən, o cümlədən, 17 nəfəri 600-dən yuxarı bal toplayaraq yüksək nəticə əldə edib.

Konfrans iştirakçılarna həmçinin bildirilib ki, ötən tədris ilində Göygöl şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Arifə Abbasova “Tərəqqi” medalı ilə təltif olunub. Rayon müəllimlərindən 1 nəfər Əlimədədli kənd ümumi orta məktəbin müəllimi Esmira Hüseynova Müəllimlərin Diaqnostik Qiymətləndirilməsində (MİQ) 60 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərib.

Konfransda rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova və Təhsil Nazirliyinin məsul nümayəndəsi Elxan Bəylərov çıxış edərək təhsil işçilərinə yeni dərs ilində uğurlar arzulayıb, tövsiyələrini bildiriblər.