06.10.2017

“Mən uşaqlıqdan məktəb vurğunu olmuşam” 

        Yeni tədris ilində Göygöl rayon Göyçəkənd kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayan Günel Hüseyn Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə  50.22  bal toplayıb. Rayon mərkəzindən 22 km uzaqlıqda yerləşən kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq çalışan Günel, müəllim ilə tanış olaq.

Günel zəhmət olmasa, özünüzü təqdim edin.

Mən, Günel Hüseyn 1993-cü ildə Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam. 2000-ci ildə Tovuz rayon A.S.Puşkin adına tam orta məktəbə getmişəm. 2011-ci ildə Bakı Qızlar Universitetinə daxil olub, 2015-ci ildə həmin universiteti bitirmişəm.

Məktəbdə ilk gününüz necə keçib?

İlk dərs günündə şagirdlər çox həvəsli və istəkli idilər. Hər yerdə olduğu kimi bizim məktəbdə də yeni gələn, gənc  müəllimlərə şagirdlərin baxışı fərqli və marağı daha çoxdur. İlk dərs günümdə də məktəblilər maraqla məni seyr edirdilər. Onların saf və mənalı baxışları məndə işimə daha çox məsuliyyətlə yanaşmaq, şagirdlərə öz övladı kimi münasibət bəsləmək kimi vəzifələrimi bir daha xatırlatdı.

Niyə məhz müəllimlik peşəsini seçmisiniz?

Mən uşaqlıqan məktəb vurğunu olmuşam. Universietə daxil olduğum vaxt isə ixtisas seçimində müəllimliyi seçdim. Artıq bir neçə həftədir ki, xəyallarımı həyata keçirirəm, və yaxşı ki, müəllim oldum deyə bilirəm.

Hər gün kifayət qədər uzaq bir məsafəni getmək sizə problem yaradırmı?

Xeyr heç bir problem yoxdur. Kənd məktəbində çalışmağın çox böyük üstünlükləri var.  Çalışdığım məktəbə Təhsil Nazirliyi tərəfindən həvəsləndirmə tətbiq olunub.  2017-2018-ci tədris ili üçün Göyçəkənd kənd tam orta məktəbə məndən başqa 4 gənc müəllim də gəlib. Biz əksər vaxtlar məktəbə birlikdə gedirik. Çalışdığım məktəbdə əzəmətli dağların təmiz havası ilə kənd sakinlərinin təmiz ruhu əvəzsiz bir harmoniya yaradır. Kənd sakinləri olduqca qonaqpərvər, mehribandırlar. Dərs dediyim məktəblilərin gözlərindəki məsumluq, davranışlarındakı səmimiyyət bu sözləri deməyimə zəmin yaradır.

Müəllim olaraq qarşınıza qoyduğunuz əsas vəzifə və öhdəliklər nədir?

Ümumiyyətlə müəllim olaraq bizim əsas borcumuz milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran mütəхəssis-kadrlar hazırlamaqdır. Bildiyimiz kimi ölkənin bütün məktəbləri müasir tipli İKT, zəruri texniki avadanlıqlarla təchiz edilib. Demək olar ki, bütün pedaqoji kadrlar fəal dərsin təşkili üçün təlim kurslarında iştirak etmiş interaktiv dərsin ən son forma və üsullarını dərindən mənimsəmişlər. Müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə son illər kifayət qədər çox müəllim ölkənin müxtəlif təhsil müəssisələrində fəaliyyətə başlayıblar.

Həmkarlarınıza və ya gələcəkdə müəllim olmaq istəyən şəxslərə nə demək istərdiniz?

İstənilən bir halda müəllim özünü həmişə təkmilləşdirməlidir. İnkişaf edən müəllim şagirdlərini də inkişaf etdirə bilər. Həmkarlarıma sadəcə işlərinə həvəslə yanaşmaqlarını deyə bilərəm. Çünki insan hər hansı bir işə həvəslə yanaşsa onu hər kəsdən yaxşı edər. Gələcəkdə müəllim olmaq istəyənlərə isə düzgün yolda olduqlarını, bu peşənin şərəfli, məsuliyyətli və bir o qədər də gözəl peşə olduğunu deyə bilərəm.