18.10.2017

Göygöl rayon ümumtəhsil məktəblərində 18 Oktyabr - Dövlət Müstəqillik Günü ilə əlaqədar tədbirlər keçirilib

Göygöl Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 18 Oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib.

 “18 Oktyabr Dövlət Müstəqilliyi Günüdür”, “Müstəqilliyimiz əbədidir!”, və digər adda olan tədbirlərdə Göygöl Rayon Təhsil Şöbəsinin əməkdaşları, təhsil  müəssisələrinin pedaqoji və şagird  kollektivləri  iştirak ediblər.

Rayonun Hacıməlik kənd 2 saylı, Nadel, Qızılca, Çaykənd, Dozular və Qırıxlı kənd tam orta məktəblərində keçirilən tədbirlərdə çıxış edənlər müstəqillik tariximizə nəzər salıb, bugün haqqında şagirdlərə məlumat veriblər. Qeyd olunub ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci ilin 18 Oktyabr günü xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazılıb.

Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlər isə söylədikləri şeirlər, ifa etdikləri mahnılar ilə vətənə olan sevgilərini nümayiş etdiriblər. Şagirdlər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirlərə daha da rəngarərənglik qatıb.