19.01.2018

20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş silsilə tədbirlər təşkil olunub

Göygöl  rayon ümumtəhsil məktəblərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş silsilə tədbirlər təşkil olunub.

Göygöl rayon Mollacəlilli kənd tam orta məktəbdə “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak edib. Şagirdlərin ifasında “Şəhidlər”, “Od vurub qəlbimə 20 yanvar” kimi şeirlər səslənib müxtəlif səhnəciklər nümayiş olunub.

                                                             ***

Firuzabad kənd tam orta məktəbdə “Qanlı Yanvar” adlı tədbir keçirilib. Dövlət himninin səslənməsi ilə açıq elan edilən tədbirdə vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla anılıb.

Məktəb direktoru Məcid Məmmədov  bildirib ki, Azərbaycan xalqı həmişə öz tarixi ilə fəxr edib, çünki, onun tarix səhifələri qəhrəmanlıqlarla doludur. Lakin, bu səhifələr qansız-qadasız yazılmamışdır. Qoca tarixin səhifələrinə əbədi həkk olmuş qanlı günlərdən biri də 20  Yanvar faciəsidir. Azərbaycan xalqının yaddaşında müstəqilik zirvəsi kimi həkk olunan bu gün bizi nə qədər incitsə də, bir o qədər ruhlandırır. Çünki, 20 Yanvar bizim milli qeyrət günümüzdür.

                                                          ***

Şəhriyar kənd tam orta məktəbdə “Ağla, qərənfil, ağla!” adlı tədbir keçirilib. Tədbirdə məktəblilərə Azərbaycanın tarixi, eləcə də, ermənilər tərəfindən torpaqlarımızın işğal edilməsi və xalqımızın başına gətirilən müsibətlər haqqında ətraflı məlumat verilib. Eyni zamanda, dövlətimizin getdikcə gücləndiyi və işğal altındakı ərazilərimizin geri qaytarılacağı diqqətə çatdırılıb.

                                                                        ***

 Çaylı kənd tam orta məktəbdə “Qanlı Yanvar” adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Aqif Hüseynov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açıb. Eyni zamanda qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi daxil olub. Məktəbin şagirdləri  20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Keçirilən tədbirlərdə vətənpərvərlik mövzusunda lentə alınmış filmlər nümayiş olunub, məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilib.