24.01.2018

Göyçəkənd kənd tam orta məktəbin gənc müəllimləri

Rayon mərkəzindən 22 km məsafədə yerləşən Göyçəkənd kənd tam orta məktəbdə 2017-2018-ci tədris ilində 5 gənc müəllim pedaqoji fəaliyyətə başlayıb. Hər biri Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında yüksək nəticə göstərərək, müxtəlif şəhərlərdən, uzaq məsafədən hər gün bu qədər yolu qət edərək sevdikləri peşəni, gözəl təbiəti olan Göyçəkənddə həyata keçirmək üçün gəlirlər. 5 müəllim və hər biri də xanım müəllim, onlara təhsil öncüləri demək daha doğru olardı. Onlar öz işlərini komanda işi adlandırırlar, “Biz bir komandayıq deyərək” uzaq yolları və nəqliyat problemini düşünmədən sevdikləri peşəni, sevdikləri yerdə həyata keçirirlər. Gənc və potensiallı müəllimlərdən bəzilərini sizə təqdim edirik.

Lalə Əmiraslanova – "2015-ci ildə Gəncə Dövlət Universiteti Fizika və texniki fənnlər fakültəsi təsviri incəsənət müəllimliyi ixtisasını bitirdikdən sonra tək qayəm müəllim olmaq idi. Əsasən də kənd məktəbində, çünki kəndlərdə, gələcəyimiz olan şagirdlərin biz gənc müəllimlərə ehtiyacı var. Bu amalımı əlimdə əsas tutaraq MİQ-da 47 bal toplayaraq Göyçəkənd kənd tam orta məktəbinə təyin olundum. Təsviri-incəsənət fənnini tədris edərkən şagirdlərimdə təbiətə, ətraf aləmə baxışını dəyişməyə çalışıram. Onların daha da pozitiv olub həyatdan yaşadıqları mühitdən zövq almaqlarını istəyirəm. Mən dərs müdətində yəni 45 dəqiqə ərzində onaların həm təhsil verəni, həm də problemlərinin yaxın sirdaşı olmağa çalışıram."

Narmin Həmzəyeva – "Mən Goranboy rayonunda yaşayıram, Ancaq başqa bir rayonda tanımadığım insanların içərisində, bütün gücümlə, şagirdlərimin yol göstərəni, onların əsas hərəkətverici quvvəsi olmağa çalışmışam. 2017-ci ildə Gəncə Dövlət Universitetini Texnologiya müəllimliyi ixtisasını bitiridikdən sonra elə həmin ildə müəllim olmaq üçün var gücümlə çalışdım. Çox sevinirəm ki əziyyətimin qarşılığını aldım 46 balla Göyçəkənd kənd tam orta məktəbə qəbul oldum. Texnologiya qabiliyyətləri üzə çıxaran, praktik bir fəndir. Şagirdlərim bu fənni çox sevirlər hər dəfəsində yeni əşyalar hazırlayır, həyati bacarıqlarını inkişaf etdirirlər. Mən çox sevinirəm ki, bu kənddə çalışıram. Yaxşı bir kollektiv, və şagirdlərimin sevimli müəllimi olmaq - bundan daha yaxşı heç nə istəyə bilmərəm."

Cəlalə Təhmazi – "Gəncə şəhərində böyüyüb Gəncə Dövlət Universitetində təhsil almışam. Təhsil almaqda yalnız bir istəyim var idi, biliyimi bölüşmək bunun üçün də müəllim olmağı seçdim. Mən bir gənc olaraq, ölkəmin gələcəyi, sabahımız, həkimlərimiz, müəllimlərimiz olacaq şagirdlərim üçün əlimdən gələni edirəm. Düzdür ixtisasım musiqidir ancaq bu o demək deyil ki, şagirdlərə yalnız musiqi öyrədirəm. Mən şagirdlərimə yaxşı vətəndaş, şagird, övlad gələcəkdə isə yaxşı insan, xalqı, üçün cəfa çəkməyi bacaran bir şəxsiyyət olmağı öyrədirəm. İnsanın formalaşması məktəbdən başlayır. Bəlkədə mən gələcəyin bəstəkarını yetişdirəcəm, Üzeyir Hacıbəylidən, Qara Qarayevdən ilham alıb onlar da bu yolu getmək istəyəcəklər. Niyə də olmasın axı bu təbiətdə böyüyən, gözəllikləri görən bir insanın poetik düşüncəsi əlbəttə ki inkişaf edəcək."

Ağgül Orucova – "Mən Gəncə şəhərində yaşayıram. Hər zaman müəllim olmaq istəmişəm. Çox sevinirəm ki, buna nail oldum. Anam və xalam müəllim idi, onlara baxıb çox həvəslənirdim. Onlar kimi müəllim olub şagirdlərimin sevimlisinə çevrilmək istəyirdim və axır ki, buna nail oldum. Hər zaman şəhər mühiti, kənd həyatında uşaqların edə bilmədikləri məni çox düşündürüb. Şagirdlərim çox potensiallıdır, öyrənməyə və yeniliyə meyillidirlər. Dərs vaxtı, yaxud dərsdən sonra şagirdlərlə söhbət edirəm. Dərslərimiz maraqlı keçir, mövzularla bağlı müəyyən diskussiyalarımız olur."

Məlumat üçün bildirək ki, Göyçəkənd kənd tam orta məktəb öz göstəriciləri ilə hər zaman irəlidə olan məktəblərdəndir. Belə ki,  2016-2017-ci tədris ili üzrə məktəbin məzunları ali məktəblərə qəbul imtahanında tam nəticə göstəriblər. Məktəbin 7 nəfər məzununun hər biri ali məktəblərə qəbul olub.