12.03.2018

 “Bir ömür var o, müəllim ömrüdür.”

            2017-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilmiş Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edib 52 bal toplayaraq Göygöl rayon Yeni Qızılca kənd tam orta məktəbə tarix müəllimi təyin olunmuş Hökmran Qocayev 1983-cü ildə Gürcüstan Respublikası Saqareco rayonunda dünyaya gəlib. Orta təhsilini Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə alan Hökmran müəllim,  2001-2005-ci illərdə Gəncə Dövlət Universitetinin Tarix fakültəsində bakalavr təhsili, 2005-2007-ci illərdə isə həmin universitetdə magistr təhsili almışdır.

Gənc müəllimin peşəsinə olan həvəsini, duyğu və düşüncələrini öyrənmək üçün onunla həmsöhbət olduq.

            Müəllim peşəsinə sizdə maraq necə yaranıb?

          -Mən hələ orta məktəbdə oxuyan zamanlardan daim müəllimlərimi izləyir, onların davranışlarına fikir verir,  cəmiyyətdə müəllimlərə qoyulan hörmət və etibarı görürdüm. Hətta  şəxsiyyətlərinə  qibtə etdiyim müəllimlərim də olmuşdur. Öyrətmək, gələcəyi formalaşdırmaq, onlarla, bəzən də yüzlərlə şagirdin sevimlisinə çevrilmək məni bu peşəyə həvəsləndirdi.

             Müəllimlik sizin üçün hansı mənanı ifadə edir?

          -Müəllimlik dünyanın hər yerində, millətlərin gələcəyini formalaşdıran ən vacib  və qürurlu peşədir. Cəmiyyətdə təsir gücü ən yüksək olan müəllimlərin, ətrafındakı yüzlərlə hətta minlərlə şagirdin inkişafında əvəzedilməz rolu vardır. Qəlbimdən keçən sözləri isə  “Bir ömür var  o, müəllim ömrüdür”  şeirimlə bildirmək istərdim.

Ətrafına işıq saçan, nur saçan,

Ömürlərə cığır salan, yol açan,

  Yaşlandıqca,qocaldıqca ucalan,

   Bir ömür var o, müəllim ömrüdür.

-Məncə müəllimlik  fədakarlığı ilə seçilən, öz şəxsi mənafeyindən çox cəmiyyətin gələcəyini düşünənlərin peşəsidir. Dahi Atatürk demişkən, Müəllim şam kimidir, özü yanıb tükənərkən  ətrafını  işıqlandırır”.

              -Bildiyim qədəriylə siz həmçinin ədəbi fəaliyyətlə məşğul olursunuz. Sizə stimul verən nədir?

-Şagirdlərim mənim stimul mənbəyimdir. Əksər şeirlərim, təhsil və elmlə bağlıdır. Növbəti illərdə şeirlərimdən ibarət bir kitab çap etdirmək fikrim var. Müəllim nə qədər  təkmilləşsə onu özünə nümunə götürən şagirdlər də inkişaf edib,  dövlətimiz, təhsilimiz və gələcəyimiz üçün faydalı insana çevrilərlər.

            -Kifayət qədər yüksək nəticə ilə kənd məktəbində pedaqoji fəaliyyətlə məşğul olursunuz. Hansı çətinliklərlə rastlaşırsınız?

-Təbii ki, bütün peşələrin özünəməxsus çətinlikləri var. Əlbəttə ki, mənim üçün də kənd məktəbində işləmək asan deyil. Bunlardan nəqliyyat problemini, işlədiyim kənddə daimi yaşayış yerimin olmamasını və s. göstərmək olar. Lakin bunlar peşəmə olan həvəsimin kölgəsində qalan məsələlərdir.Tədrisin keyfiyyətini yüksəltmək, şagirdlərimi yaxşı bir vətəndaş kimi yetişdirmək mənim ən böyük amalımdır.

-Məktəb kollektivi ilə münasibətiniz necədir?

-Etiraf edim ki, işə başlayana qədər kollektivlə, kənd camaatı və ən əsası şagirdlərlə necə münasibətimizin olacağı məni çox düşündürürdü. Lakin bir müddət çalışdıqdan sonra  gözəl kollektivimizin olması, mənim şagirdlərə qarşı olan sevgim onlarınsa mənə olan hörməti, bir gənc müəllim kimi qoyulan diqqət  mənim böyük həvəslə işimi davam etdirməyimə stimul yaratdı.

-Şagirdlərini ilə münasibətiniz necədir          

-Mən bir gənc müəllim kimi bu məsələyə xüsusi diqqət yetirirəm. Şagirdlərlə daim səmimi münasibət qurmağa, onların cəmiyyətimiz üçün gözəl bir şəxsiyyət kimi formalaşmasına çalışıram. Onların nəinki, dərs prosesində  həmçinin də, dərsdənkənar məqamlarda mənimlə dialoqda olmasına şərait yaradıram. Məncə bu onlarla münasibətdə qaşılıqlı hörmət və etibar yaradan amildir.

              -Gələcəklə bağlı planlarınız maraqlı olardı. İstərdim bir az da bu haqqda danışasınız.

-Gənc müəllim kimi öz pedaqoji fəaliyyətimi inkişaf etdirmək, öz üzərimdə daim çalışmaq, öyrətmək üçün öyrənmək mənim əsas məqsədimdir. Məktəblilərin tarix fənnini daha asan öyrənməsi üçün “İnfoqrafika” Tarix cədvəllərdə adlı  bir dərslik  üzərində çalışıram. Bundan başqa Təhsil Nazirliyinə təqdim etmək  üçün layihə üzərində də çalışıram..

-Həmkarlarınıza və gələcəkdə müəllim olmaq istəyənlərə tövsiyyəniz nədir?

-Müəllimlik çətin və daim öz üzərində çalışmağı tələb edən, buna baxmayaraq həm də çox şərəfli, cəmiyyət üçün çox vacib və mühüm  peşədir. Bu baxımdan bütün həmkarlara bu şərəfli yolda uğurlar arzulayır, müəllimlik kimi şərəfli bir peşəyə yiyələnmək istəyən namizədlərə  isə seçimlərində yanılmadıqlarını bildirmək istərdim.