19.09.2018

“İlboyu bilik” proqramı çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzusunda mühazirə keçirilib

Prezident İlham Əliyevin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” 2018-ci il 10 yanvar tarixli Sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Təhsil Nazirliyi ilə birlikdə silsilə tədbirlər həyata keçirir.

Təhsil Nazirliyinin və Bilik Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “İlboyu bilik” proqramı çərçivəsində lektorlar qrupunun üzvü tarix üzrə fəlsəfə elmləri doktoru Mahir Qəribov Göygöl rayon Üçtəpə kənd tam orta məktəbində şagirdlərlə görüşüb. M.Qəribov “İlboyu bilik” proqramı çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzusunda mühazirə oxuyub.

Mühazirədə bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ldə mürəkkəb siyasi vəziyyətdə yaranmış, şərqdə ilk demokratik Cümhuriyyətdir. Məhəmməd Əmin Rəsulzadənin ideyaları əsasında qurulan Cümhuriyyət təhsilin şaxələnməsi, xalqın maariflənməsi məsələsini də həmişə prioritet məsələ hesab edib.

Belə ki, Cümhuriyyət dövründə təhsil ana dilində aparılmağa başlandı, Türkiyədən müəllimlərin hazırlanması üçün ixtisaslı kadrlar dəvət olundu, gecə məktəbləri formalaşdı. Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi. Beləliklə Azərbaycanın məşhur təhsil ocağı olan Bakı Dövlət Universiteti də məhz Cümhuriyyət dövründə yaradılmışdı.

XX əsrin əvvəllərində ölkənin ictimai-siyasi vəziyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu haqqında  ətraflı məlumat alan şagirdlər mühazirəni maraqla qarşılayıblar.