15.10.2018

“Hüquqlarımızı bilirik” adlı dəyirmi masa keçirilib

Oktyabrın 15-də Göygöl Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Hüquqlarımızı bilirik” adlı dəyirmi masa keçirilib.

Dəyirmi masanın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması sahəsində vəziyyətin daha da yaxşılaşdırılmasıdır.

Maarifləndirici tədbirdə Göygöl RTŞ-nin müdiri Elbrus Atayev bildirib ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə deyil, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır. Bu məqsədlə dövlətimiz ilk növbədə uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atıb. Uşaqların sosial müdafiəsi, onların təhsil və səhiyyə sahəsindəki hüquqlarının  həyata keçirilməsi, məktəblilər üçün dərsliklərin pulsuz təmin olunması, dərs proqramlarının təkmilləşdirilməsi, yeni məktəblərin tikintisi, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində mühüm işlər görülüb.

Tədbirdə çıxış edənlər, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası barədə məlumat veriblər. Qeyd olunub ki, Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. 

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.