15.11.2018

“Uşaq zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Göygöl rayon 4 nömrəli tam orta məktəbdə Rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Ombudsmanın Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Göygöl RİH-nin əməkdaşı Babək Rəsulov uşaqların zorakılıqdan müdafiəsinin əhəmiyyətini qeyd edərək, bu istiqamətdə Ombudsman aparatının uğurlu fəaliyyəti nəticəsində uşaq hüquqları və uşaqlara qarşı zorakılığın yolverilməzliyi ilə bağlı məlumatlılığın ölkəmizdə daha da genişləndiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov gələcəyimiz olan uşaqların təlim-tərbiyələrinin, təhsillərinin və sağlam mühitdə formalaşmalarının vacibliyini qeyd edib. 20 noyabr 1989-ci il tarixdə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq Hüquqları konvensiyası”, 19 may 1998-ci l tarixdə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, uşaq zorakılığına qarşı mübarizədə uşaq hüquqlarının təbliğinin əhəmiyyətini, bu sahədə Ombudsman Aparatı tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyəti  önə çəkilib.

Çıxış edən Göygöl rayon polis şöbəsinin inpektoru Süleyman İbrahimov rayon üzrə profilaktik qeydiyyatda olan yetkinlik yaşına çatmayanların sayı, uşaq hüquq pozuntularının xarakteri və səbəbləri barədə ətraflı məlumat verib, uşaq hüquqlarının mühafizəsi sahəsində rayon polis şöbəsi tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlərin təşkil edildiyini qeyd edilib.