04.12.2018

İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan tədbir keçirilib

Göygöl rayon Çaylı kənd tam orta məktəbdə Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan tədbir keçirilib.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səltənət Quliyeva tərəfindən təşkil olunan tədbirin məqsəd şagirdlərdə ədəbiyyat fənninə marağın artırılması və onlarda Nəsimi yaradıcılığı barədə bilikləri daha da dərinləşdirməkdən ibarət olub.

İ.Nəsiminin həyat və fəaliyyəti barədə məlumat verən Q.Səltənət müəllim şairin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edib. Bildirib ki, Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb. Nəsimi öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib. Lakin Nəsimi istedadının miqyası o qədər geniş idi ki, o, öz yaradıcılığı ilə yalnız Azərbaycan xalqına məxsus deyildi. Fransua Rable yalnız fransız xalqına məxsus olmadığı kimi, Uilyam Şekspir yalnız ingilis xalqına, Migel de Servantes təkcə ispan xalqına məxsus olmadığı kimi və eyni zamanda, bütün bəşəriyyətə məxsus olduqları kimi, Nəsimi də öz yaradıcılığı ilə bütün bəşəriyyəti əsərlərində ifadə edib.

Tədbirin sonunda şagirdlərin ifasında müxtəlif səhnəciklər nümayiş olunub, şeirlər səsləndirilib.