02.08.2019

“İstedadlı şagirdlərin liderlik akademiyası” layihəsinin açılışı keçirilib

Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə üçüncü qrant müsabiqəsinin qalibi olan “İstedadlı şagirdlərin liderlik akademiyası” layihəsinin açılışı keçirilib.

Avqustun 2-də Göygöl şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən görüşdə məktəb direktorları, direktor müavinləri və şagirdlər iştirak ediblər.

Layihənin keçirilməsində məqsəd Göygöl rayonunda 9, 10 və 11-ci siniflərdə təhsil alan istedadlı şagirdlərin bir araya gəlməsi ilə onların şəxsi bacarıqlarının, liderlik qabiliyyətlərinin, yaradıdıcılıq qabiliyyətlərinin və potensial imkanlarının inkişaf etdirilməsidir.

Layihə çərçivəsində ilk öncə istedadlı şagirdlərin seçilməsi üçün seçim mərhələsi keçiriləcək. Bu məqsədlə ilk öncə istedadlı şagirdlərin bazasının yaradılması, şagirdlərin layihəyə qoşulması üçün onlayn sorğunun tərtib edilməsi, sorğu suallarının ekspertlərin rəylərini nəzərə alaraq tərtib olunması, seçilmiş şagirdlərin müsahibəyə dəvət olunması, açılış mərasimi və iştirakçıların elan olunması işləri görüləcək.

Açılış mərasimində layihə rəhbəri və eyni zamanda Göygöl rayon İ. Hüseynov adına 1 saylı tam orta məktəbin direktoru Rəşad Zülfiqarov tədbir iştirakçılarına layihə haqqında iştirakçılara ətraflı məlumat verdi. Ardınca layihənin eksperti Sevinc Ələkbərova layihənin vəzifələri və icra prossesi haqqında məlumat təqdim edib.

Növbəti olaraq layihənin təlimçisi Səbinə Qədirova layihə iştirakçılarına uğurlar arzulayaraq onlara düşərgə müddətində keçiriləcək təlimlər haqqında ətraflı çıxış edib.

Sonda iştirakçılara layihənin məqsəd və vəzifələrini özündə əks etdirən buklet və yazılı müraciət formaları paylanılıb.


Açar sözlər: ,  ,  ,