01.10.2019

Göygöl rayonunda “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinə start verilib

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsinə uyğun olaraq Göygöl rayonunda 11 ümumtəhsil məktəbində 11 qrup fəaliyyət başlayıb.

20 nəfər üçün nəzərdə tutulan qruplarda məşğələlər həftədə 4 dəfə, 2-2.5 saat olmaqla keçirilir. Qruplarda tədrisi aparan təlimçilər artıq müəyyənləşdirilib, 3-4 yaşlı erkən uşaq inkişafı ilə bağlı kurikulum və iş dəftərləri hazırlanıb. Bundan başqa, uşaqların inkişaf dinamikasını ölçmək üçün qiymətləndirmə alətləri də müəyyənləşdirilib. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası - sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir.

İcma əsaslı uşaq tədris mərkəzlərinin yaradıldığı ümumi təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlığı və inventarları ilə təmin edilib.

İcma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmaqdır.


Açar sözlər: ,  ,  ,