22.02.2021

21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn və ənənəvi tədbirlər keçirilib

Göygöl Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn və ənənəvi tədbirlər keçirilib.

Tədbirlərdə çıxış edənlər dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladıb. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər övladlarının qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulmayan aksiomadır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir.

Tədbirlərdə şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,