25.02.2021

Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib

Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev, şöbənin əməkdaşları və ümumtəhsil məktəb direktorlarının iştirakı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Tədbirin çıxış edən Göygöl RTŞ-nin müdiri Elbrus Atayev bildirib ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə bir sırada durur. Belə ki, bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilib. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayının zirehli texnikasının və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində  soyqırımı törədərək 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakinini qətlə yetirib. Şəhəri tərk etməyə məcbur olan əhali isə dağlara, meşələrə qaçsa da, hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib, onlara amansız divan tutub. Soyuq, qarlı fevral gecəsində yüzlərlə soydaşımız əsir düşüb, girov götürülüb. Soydaşlarımız erməni təcavüzündən yayınıb meşələrə, dağlara qaçsa da, onların çoxu soyuqdan, şaxtadan məhv olub.

Tədbirdə bir daha vurğulanıb ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Ulu öndər Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı ilə əlaqədar xüsusi fərman verib, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral - Xocalı soyqırımı və milli matəm günü elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlar məlumatlandırılıb. 25 fevral 1997-ci ildə isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən fərman imzalanib.


Açar sözlər: ,  ,  ,