07.06.2021

Azərbaycanda iqtisadiyyat sahəsində mühüm hadisələr baş verib

İqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklərə diqqət yetirilməlidir. Bu mənada Azərbaycan iqtisadiyyatının şəffaflığı və sahənin liberallaşması, eləcə də milli iqtisadiyyatın stratifikasiyası davamlı inkişafı təmin edir.

Hazırda ölkədə fəaliyyət göstərən banklar və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslara adaptasiya prosesi yekunlaşmaq üzrədir. Dövlətin çevik reaksiyası nəticəsində yaranan texniki çətinliklər öz həllini tapıb. Eyni zamanda, hazırda yenilənmiş pul nişanları ilə yanaşı, köhnə nümunəli 1, 5 və 50 manatlıq pul nişanları da paralel olaraq tədavül vasitəsidir və məhdudiyyətsiz istifadə edilir. Hazırda pul nişanlarının ödəniş terminallarında qəbulu ilə bağlı hər hansı çətinlik müşahidə olunmur.

Yeni pul əsginasları ilə bağlı yarana biləcək çətinliklərin aradan qaldırılması üçün Azərbaycan hökuməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülmüşdür. Ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına adaptasiyası məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılmış, habelə müvafiq pul nişanları ilə təmin edilmiş və adaptasiya prosesinə başlanılmışdır. Hazırda müvafiq sistem və avadanlıqların yenilənmiş pul nişanlarına uyğunlaşdırılması kommersiya bankları və ödəniş xidmətləri provayderləri tərəfindən əsasən yekunlaşmış və bu sistemlər yenilənmiş pul nişanlarında ödənişləri qəbul edir.

Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Cari ilin 29 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir.

İdarəetmə infrastrukturunun təkmilləşdirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsi dövlətin inkişafından xəbər verən əsas göstəricilərindəndir. İqtisadiyyat Nazirliyinin yeni binasının memarlıq üslubu, texniki təchizatı və ultra-müasir konsepti əslində ölkəmizin iqtisadiyyat sahəsindəki iddia və potensialından xəbər verir. Cari ilin 28 may tarixində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş Nazirliyin yeni binasının açılışı dolayısilə Azərbaycanın regionun lider ölkəsi statusunun növbəti təsdiqidir.

           Müəllif; Göygöl şəhər 4 nömrəli tam orta məktəbin əməkdar müəllimi Lətifə Mirzəyeva


Açar sözlər: ,  ,