15.06.2021

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası

9 iyun 1993‑cü il tarixində xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da Ali Sovet xalqın Heydər Əliyevdən gözlədiyi missiyanı rəsmiləşdirdi. 1997‑ci ildə isə Azərbaycan Respublikasının Milli Məclisi bu missiyanın Milli Qurtuluş missiyası olmasını təsbit etdi. Bu tarixin Milli Qurtuluş Günü olması xalqımızın Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışına verdiyi düzgün, ədalətli və obyektiv qiymətini əks etdirir.

 

Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: Xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi.

 

AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə bəla, faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, bir sözlə dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi.

 

Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. AXC-Müsavat cütlüyü bütün ölkələrlə münasibətləri korlamış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi. Adi fizika müəllimi olmuş müdafiə naziri Şuşanın itirilməsində, ordunun iflic vəziyyətinə salınmasında “xüsusi rol” oynamış, ordu siyasi proseslərdə müstəqil tərəf kimi çıxış edərək ölkə parlamentinin sədrinə və Prezidentə meydan oxumağa başlamışdı.

 

 

Daxili işlər naziri televiziyanın canlı efirində bir müxalifət nümayəndəsini döymüş, buna görə məsuliyyətə cəlb olunmamışdı. Üstəlik, vəzifədən çıxandan sonra dərhal müxalifətə keçmiş, Gəncədə iğtişaşlar başlayan gün – 4 iyun 1993-cü il tarixində Bakıda AXC hakimiyyətinə qarşı mitinqlər təyin etmişdi. Daxili işlər naziri insanları qanunsuz həbs edirdi. Hətta məhkəməsiz 700 nəfər məhbusu azadlığa buraxıb silahlandırmışdı.

 

Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi – heç bir diplomatik təcrübəsi olmayan, heç bir xarici dil bilməyən şəxs belə mühüm vəzifəyə təyin edilmişdi. Gənc müstəqil ölkənin diplomatik korpusu da onun kimi təcrübəsiz, texniki sahələrdə çalışmış kiçik elmi işçilərdən formalaşdırılmışdı.

 

Hakimiyyətə gələndən sonra AXC-nin üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar: hakimiyyət daxilində çoxsaylı kiçik qruplaşmalar yaranaraq birincilik uğrunda mübarizə aparırdılar.

 

Daxili işlər naziri və parlament sədri prezidentlik iddialarını açıq şəkildə dilə gətirir, nəzarətlərində olan media quruluşlarında prezident əleyhinə sərt kampaniya aparırdılar. Əli Kərimlinin nəzarətində olan media qurumları baş nazir və spikeri ələ salırdı, Prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi.

 

Belə daxili didişmələr, eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq nəticəsində bu hakimiyyət cəmi bir il mövcud ola bilmişdi. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi.

 

1990-cı illərin əvvəllərindəki gənc müstəqil Azərbaycanla bugünkü Ermənistanda baş verənlər arasında oxşarlıqlar var – ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə, o cümlədən iqtidara inamın olmaması. Hakimiyyətə gəlmiş təsadüfi adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla əkiz qardaşdırlar – təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari.

 

Azərbaycan xalqı və xalqın dəyərli ziyalıları öz xilasını Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqilliyini sual altına qoymuşdu. AXC-Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, ölkənin təcrid olunmuş vəziyyətə düşməsi, daxildə vətəndaş müharibəsi təhlükəsi Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurətə çevirmişdi. O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət etdilər.

 

1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.

 

Xalq Heydər Əliyevi öz milli xilaskarı və öndəri seçdi. Bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi.

 

Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın.

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycan xalqı və dövləti üçün böyük əhəmiyyətli illər olmuş, müstəqil dövlətçiliyimizin əsasları qoyulmuşdur.

 

Azərbaycanın bugünkü uğurları Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin uğurla və ləyaqətlə davam etdirilməsinin nəticəsidir. Bugünkü qələbələrin əsası 15 iyun 1993-cü ildə qoyulmuş, bununla Azərbaycan öz tarixinin yeni dövrünə qədəm qoymuşdur. Azərbaycan tarixin heç bir mərhələsində bugünkü qədər müstəqil və qüdrətli olmamışdır. Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycanın müstəqilliyi durduqca, Heydər Əliyevin də adı yaşayacaqdır.

 

Ulu Öndər Heydər Əliyevin sözləri də xalqımız və dövlətimiz qarşısındakı xidmətləri qədər unudulmazdır: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”. “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”.

 

 Müəllif:

 

Göygöl rayon Gənclər və idman İdarəsinin rəisi  Zaur Abbasov


Açar sözlər: