27.04.2022

"Biz Şuşadan danışırıq" adlı videohekayə müsabiqəsinə start verilir

Təhsil Nazirliyi media nümayəndələrini  "Biz Şuşadan danışırıq" adlı videohekayə müsabiqəsində iştiraka dəvət edir. 

 

Videohekayə müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında, Nazirlər Kabinetinin “Şuşa ili” ilə bağlı Tədbirlər Planının təsdiq olunması barədə” sərəncamlara və Təhsil Nazirliyinin bununla bağlı müvafiq planına uyğun olaraq həyata keçirilir.

 

Müsabiqənin məqsədi

"Şuşa ili"nə həsr olunan müsabiqənin məqsədi Şuşanın təhsilinə, mədəniyyətinə və tarixinə, elm adamlarının, tanınmış şəxslərinin həyat və yaradıcılığına media vasitəsilə işıq salmaq, onların gördüyü işləri təbliğ etmək və gənc nəsli maarifləndirməkdir.

Müsabiqə üç nominasiya üzrə keçirilir:

- Ən yaxşı süjet;

- Ən yaxşı videoreportaj;

- Ən yaxşı videomüsahibə.

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

- Müsabiqədə media nümayəndələri iştirak edə bilər;

- Müsabiqəyə göndərilən videolar 3 dəqiqədən artıq olmamalıdır;

- İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 27 may 2022-ci il tarixinədək  musabiqe2022@edu.gov.az elektron poçt ünvanına  göndərməlidir;

- Hər iştirakçı bir videohekayə göndərə bilər;

- Müsabiqəyə təqdim olunan videohekayələr “Biz Şuşadan danışırıq” ön sözü ilə başlamalıdır.

Müsabiqənin müddəti

Müsabiqə üzrə müraciətlərin qəbulu üçün son tarix 27 may 2022-ci ildir.

Qaliblər Münsiflər Heyəti tərəfindən müəyyən ediləcək. Müsabiqə qaliblərinə Təhsil Nazirliyinin sertifikatı və hədiyyələr təqdim olunacaq.


Açar sözlər: ,